İQTİSADİYYAT
“UzStroyExpo-2014” inşaat və tikinti sərgisində Azərbaycanı “Evim izolasyon” firması təmsil edib
Daşkənd, 20 sentyabr (AZƏRTAC). Daşkənd Şəhər Hakimiyyəti və Özbəkistanın tikinti şirkətlərinin təşkilatçılığı ilə paytaxtdakı sərgi mərkəzində “UzStroyExpo-2014” inşaat və tikinti sərgisi keçirilib. Sərgidə Azərbaycan, Rusiya, Türkiyə, Belarus, İtaliya, Qazaxıstan, Çin, Ukrayna, Çexiya, Cənubi Koreya və digər ölkələrin inşaat şirkətləri iştirak ediblər.
Azərbaycanı bu sərgidə “Evim izolasyon” firması təmsil edib.
Firma sudan, isti və soyuqdan, yanğın və səsdən izolyasiya sistemlərinin tətbiqi ilə məşğuldur və sərgidə bu məhsulların nümunələri nümayiş olunub.
Firmanın rəhbəri İkram Mütəllimov bildirib ki, “Evim izolasyon”, həmçinin yol ötürücülərinin bərkidilməsi, möhkəmləndirilməsi, yolların çatlamasının və dağılmasının qarşısının alınması istiqamətində xidmət və məhsullar təklif edir. Bunun üçün nəzərdə tutulan materialların nümunələri də sərgiyə gətirilib. Firma Orta Asiya respublikalarında və Qazaxıstanda öz filiallarının açmaq niyyətindədir və bu istiqamətdə iş aparılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd