SİYASƏT


“Uzbekistan Today” xəbər agentliyi: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir”

A+ A

Daşkənd, 8 noyabr, AZƏRTAC 

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Uzbekistan today” xəbər agentliyi rus dilində “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir” adlı geniş məqalə yayıb.

Məqalədə deyilir ki, müxtəlif etnik qrupların və xalqların yaşadığı qədim Azərbaycan torpağında əsrlər boyu ayrı-ayrı dinlərə etiqad edilib. Azərbaycan xalqı öz tarixi keçmişi, zəngin mədəniyyəti ilə fəxr edir və digər insanların mədəniyyətlərinə hörmətlə yanaşır.

Yazıda qeyd olunur ki, son statistikaya görə, Azərbaycanda 110-dan çox millət və kiçik etnik qrupların nümayəndələri yaşayır. Azərbaycan dövlətinin yaratdığı geniş imkanlar sayəsində onlar öz mədəniyyətlərini və dillərini qoruyub saxlayır, inkişaf etdirirlər. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Multikulturalizmin alternativi yoxdur” fikrinə yer verilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkədə mədəniyyət və mənəviyyata böyük önəm verdiyi diqqətə çatdırılır.

Məqalədə bildirilir ki, Azərbaycan beynəlxalq münasibətlərdə müasir sistemin formalaşması prosesində əsas ölkələrdən biridir. Azərbaycan Şərq və Qərbin kəsişməsində yerləşir, öz mədəni və mənəvi dəyərləri ilə sivilizasiyalara xidmət edir. Azərbaycanlılara əsrlər boyu dözümlülük, qonaqpərvərlik, xeyirxahlıq, digər mədəniyyətlərə hörmət edilməsi kimi xüsusiyyətlər xas olub və bu gün də belədir. Ölkədə məscidlərin, kilsələrin, sinaqoqların və müxtəlif dini konfessiyaların fəaliyyəti üçün gözəl şərait yaradıldığı qeyd edilən məqalədə onların arasında yaxşı münasibətlərin olduğu vurğulanır.

Yazı Azərbaycan Mədəniyyət Mərkəzinin 2016-cı il üçün elan etdiyi “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinə təqdim olunub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.