MƏDƏNİYYƏT
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı müşavirə keçirilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Sentyabrın 6-da mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Kitabxanada “Üzeyir musiqi günü” və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı müşavirə keçirib. Tədbirdə nazirliyin müvafiq şöbə və sektorlarının, teatr-konsert müəssisələrinin, muzeylərin rəhbərləri iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə çıxış edən Ədalət Vəliyev “Üzeyir musiqi günü” haqqında məlumat verib. Bildirib ki, bu mötəbər gün 1995-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən rəsmiləşdirilib. 2009-cu ildən isə Üzeyir bəyin doğum günü həm də Bakıda və bölgələrimizdə keçirilən beynəlxalq festivalla qeyd olunur. Mədəniyyət və turizm nazirinin iyul ayında imzaladığı əmrdə festivalla bağlı görüləcək bütün işlər öz əksini tapıb. Bununla bağlı qərargah yaradılıb və qərargahın üzvləri görüləcək işlərin həyata keçirilməsinə nəzarət etməlidirlər. Bundan əlavə, nazirliyin incəsənət, informasiya və ictimaiyyətlə əlaqələr şöbələri, Muzey Mərkəzi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Dövlət Filarmoniyası və digər əlaqədar təşkilatlara tədbirin keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Nazir müavini diqqətə çatdırıb ki, əvvəlki illərdən fərqli olaraq budəfəki festivalın açılışı sentyabrın 17-də baş tutacaq. Ənənəvi olaraq Fəxri xiyabanda Üzeyir bəy və ulu öndər Heydər Əliyevin məzarları ziyarət ediləcək, Milli Konservatoriyanın qarşısında, daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində güllələnmiş abidələr ziyarət olunacaq və tədbir Bakı Musiqi Akademiyasının qarşısında dahi bəstəkarın abidəsi önündə davam edəcək. Sentyabrın 18-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq, konsert proqramları təqdim ediləcək.
Müşavirədə həyata keçiriləcək işlərlə bağlı Azərbaycan Bəstəkarlar İttifaqı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Uşaq Filarmoniyası və digər qurumlara əlavə tapşırıq və göstərişlər verilib. Qeyd olunub ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Bakı Musiqi Akademiyası tədbirin təşkilinə nəzarəti həyata keçirməli, əhalinin məlumatlandırılması və iştirakını təşkil etməlidirlər. Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı ərəfəsində müvafiq təşkilatlarda keçiriləcək tədbirlərdə musiqişünaslar çıxış etməli, Üzeyir bəyin yaradıcılığı, festivalın mahiyyəti barədə fikirlərini bölüşməlidirlər.
Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinin qeyd edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verən Ədalət Vəliyev Üzeyir bəyin yaratdığı kollektivin yubileyinin yüksək səviyyədə təşkilinin vacibliyini diqqətə çatdırıb. Vurğulanıb ki, teatr-konsert müəssisələri “Üzeyir musiqi günü” və festival çərçivəsində görəcəkləri işlər barədə ictimaiyyəti məlumatlandırmalıdırlar. Eyni zamanda Şuşa Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət və Turizm şöbəsi və Şuşa teatrının tədbirlərdə iştirakı təmin edilməlidir.
Nazir müavini daha sonra cari ildə təşkil olunacaq digər tədbirlərlə bağlı qarşıda duran vəzifələrdən söz açıb, II Şəki Beynəlxalq Teatr Festivalı, XI Bakı Beynəlxalq Caz Festivalı, Rəşid Behbudovun 100 illik yubileyi və IV Beynəlxalq Bakı Teatr Forumu haqqında məlumat verib. Bildirilib ki, ilin sonuna kimi 15 bəstəkarın yubileyi, sərgilər, ədəbiyyat xadimlərinin yubiley tədbirləri həyata keçiriləcək.
Tədbirdə Dövlət Uşaq Filarmoniyasına il ərzində mərhum bəstəkar Oqtay Zülfüqarov və 1993-2012-ci illərdə Uşaq Filarmoniyasına rəhbərlik etmiş Əməkdar Mədəniyyət İşçisi Fərəh Şəkinskayanın xatirəsinə həsr edilmiş tədbirin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.