MƏDƏNİYYƏT


Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası Daşkənddə özbək dilində təqdim olunub

A+ A

Daşkənd, 11 oktyabr, AZƏRTAC 

Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə Daşkənddəki "Kitab aləmi" Satış və İnformasiya Mərkəzində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası özbək dilində nümayiş etdirilib.

Operetta “Özbəkteatr” yaradıcılıq mərkəzi və Daşkənddəki "Diydor” teatr studiyası tərəfindən səhnələşdirilib. Tamaşanın rejissoru Baxadır Yuldaşevdir.

Mərkəzin direktoru Şuxratcon Axundcanov Özbəkistanda Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi və ədəbiyyatına böyük maraq olduğunu qeyd edib. Bildirib ki, məhz bu səbəbdən də həyata keçirdikləri layihəyə ilk dəfə məşhur “Arşın mal alan” əsəri ilə başlanılıb. O, gələcəkdə də Azərbaycan və özbək mədəniyyətinin təbliği ilə bağlı AMM ilə birgə layihələr həyata keçirəcəklərini söyləyib.

Sonra gənc və istedadlı aktyorların ifasında "Arşın mal alan" operettası nümayiş etdirilib və tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, “Arşın mal alan” tamaşası Özbəkistanda çox populyardır. Üzeyir Hacıbəylinin bu məşhur əsəri Özbəkistan teatrlarının repertuarında xüsusi yer tutur. Belə ki, əsər Daşkənddəki Operetta Teatrında rus dilində və Mukimi adına Dövlət Musiqili Dram Teatrında isə özbək dilində tez-tez nümayiş olunur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.