MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib

A+ A

Bakı, 16 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Sentyabrın 16-da Ü.Hacıbəylinin ev-muzeyində musiqişünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Səfərovanın Ankaradakı “Tulpars” nəşriyyatında çapdan çıxmış “Türk Dünyasının Muzik Yıldızı Üzeyir Hacıbeyli” adlı kitabının təqdimatı keçirilib. Kitabda Üzeyir Hacıbəyli yaradıcılığının nəzəri və estetik problemləri araşdırılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva kitabın əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, nəşrin müəllifi Üzeyir bəy irsinə dair yeni tapıntıları, hər kəsə məlum olmayan incəlikləri qələmə alıb.

Kitabda bəstəkarın “Leyli və Məcnun”, “Koroğlu” operaları, “Arşın mal alan” və digər operettaları, “Sənsiz” və “Sevgili canan” romanslarına dair materiallar yer alıb, “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsəri S.Urməvinin “Kitabi-ədvari” ilə tutuşdurulub, tədqiq olunub.

Çıxış edənlər bildiriblər ki, müəllif Üzeyir Hacıbəyli irsinə təkcə tədqiqatçı deyil, həm də bəstəkar, elmi işçi, publisist və ən başlıcası vətəndaş mövqeyindən yanaşıb.

Xalq artistləri Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov, A.Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə və başqaları nəşrin akademiyada dərs vəsaiti kimi tədris olunması təklifini irəli sürüblər.

Kitab Türkiyənin nüfuzlu İLESAM (Elm və Ədəbi Əsər Sahibləri Birliyi) təşkilatının təşəbbüsü ilə nəşr edilib. Əsəri türk dilinə Məhəmməd Riza Goçi çevirib.

Tədbirdə dahi bəstəkarın “Cəngi”, “Sevgili canan” əsərləri, “Arşın mal alan” operettasından fraqmentlər səsləndirilib.

Sonda Z.Səfərova bildirib ki, “Türk Dünyasının Müzik Yıldızı Üzeyir Hacıbəyli” adlı əsəri onun Türkiyədə bəstəkar haqqında çıxmış ilk kitabıdır və onu dahi bəstəkarın doğum gününə hədiyyə olaraq nəşr etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.