İDMAN
Üzgüçü Kamran Cəfərov: Qazandığım təcrübə birinci Avropa Oyunlarında mənə kömək olacaq
Xaçmaz, 5 may, Elxan Yusifli, AZƏRTAC
Qırğızıstanda, Almaniyada, Slovakiyada, Çexiyada, eləcə də ölkəmizdə müxtəlif yarışlara qatılıb, təlim-məşq toplanışları keçmişik. İştirak etdiyim bir sıra turnirlərdə final mərhələsinə yüksələ bilmişəm. Düşünürəm ki, qazandığım təcrübə birinci Avropa Oyunlarında mənə kömək olacaq və Bakıda keçirilən mötəbər yarışda uğurlu çıxışımla yadda qalacam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xaçmaz Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunan üzgüçülük üzrə beynəlxalq turnirdə iştirak edən Azərbaycan yığma komandasının üzvü Kamran Cəfərov söyləyib.
K.Cəfərov komanda yoldaşları ilə birgə birinci Avropa Oyunlarına çox ciddi hazırlaşdıqlarını bildirib: “Oyunların Azərbaycanda keçirilməsi bizim üçün gözəl imkanlar yaradır. Birinci növbədə biz Avropanın ən güclü üzgüçüləri ilə mübarizə aparmaq imkanı qazanmışıq. Ən əsası isə ölkəmizin paytaxtında möhtəşəm Bakı Su İdmanı Mərkəzi inşa olunub. Bu, Azərbaycanda su idmanı növlərinin inkişafına böyük təkan verəcək. Xaçmazda keçirilən yarış da hazırlıq prosesinin tərkib hissəsidir. Rusiyadan, Qazaxıstandan, Qırğızıstandan və Gürcüstandan olan rəqiblərimizlə mübarizə aparırıq. Burada əsas məqsəd şəxsi göstəricilərimizi yaxşılaşdırmaqdan ibarətdir. Artıq 6-7 ildir ki, beynəlxalq turnirlərə qatılıram və hər yarışda nəticələrimi daha da yaxşılaşdırıram”.