İDMAN
Üzgüçü Yulya Stitsyuk: Birinci Avropa Oyunlarında yaxşı nəticələrlə yadda qalmaq əzmindəyik
Xaçmaz, 4 may, Elxan Yusifli, AZƏRTAC
Komanda yoldaşlarımızla birgə birinci Avropa Oyunlarına çox ciddi hazırlaşırıq. Slovakiyada təlim-məşq toplanışında olmuşuq. Həmin vaxt gündə iki dəfə məşq keçirdik. Oyunlarda iştirak etməyin özü böyük uğur sayılsa da, biz eyni zamanda yaxşı nəticələrlə yadda qalmaq əzmindəyik. Təsnifat turlarında yaxşı nəticələr göstərib finalda iştirak etmək istəyirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində üzgüçülük üzrə Azərbaycan yığma komandasının üzvü Yulya Stitsyuk söyləyib. Hazırda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan üzgüçülük üzrə beynəlxalq turnirdə iştirak edən Y.Stitsyuk bu yarışda da medallara iddialılar sırasındadır.
“İştirak etdiyimiz bu yarış birinci Avropa Oyunları öncəsi son sınaqlardandır. Rusiya, Qazaxıstan, Qırğızıstan və Gürcüstandan olan rəqiblərimizlə yarışıb təcrübəmizi artırırıq. Eyni zamanda, yaxşı çıxış edib nəyə qadir olduğumuzu göstərməliyik. Qazandığımız nailiyyətlər Azərbaycanda üzgüçülüyün inkişafından xəbər verir” – deyə Y.Stitsyuk vurğulayıb.