REGİONLAR
Üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib
Naxçıvan, 11 iyul, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində keçirilən yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə kompleksin direktoru Ramin Talıbov yarışın keçirilmə qaydaları haqqında iştirakçılara məlumat verib.
Sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, yarışın məqsədi məktəblilərin yay tətilində asudə vaxtlarını daha səmərəli keçirmələri və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 3 yaş qrupunda 50-ə yaxın idmançı iştirak edib. Üzgüçülüyün sərbəst üsulu üzrə 25 və 50 metr məsafədə keçirilən yarışın yekununa əsasən, 15-17 yaşlı idmançılar arasında Həsən Abbasov, 12-14 yaşlı idmançılar arasında Əkbər Məmmədov və 10-11 yaşlı idmançılar arasında isə Elvin Yusifli bütün rəqiblərini qabaqlayaraq birinci yerlərə layiq görülüblər.
Sonda hər yaş qrupunda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim olunub.