REGİONLAR
Uzun illərdən sonra Hacıqabulda yenidən ipəkqurdu bəslənilməsinə başlanılıb
Hacıqabul, 17 may, Mahir Babayev, AZƏRTAC
Uzun illərdən sonra bu il Hacıqabulda yenidən ipəkqurdu bəslənilməsinə başlanılıb. Dövlətimizin başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr rayonda uğurla icra olunur. Bu məqsədlə ötən ilin payızında rayona 20 min tut tingi gətirilərək əkilib, mövcud tut bağlarına qulluq göstərilib və digər zəruri tədbirlər həyata keçirilir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu mövsüm Hacıqabulda 500 kiloqram barama istehsalı nəzərdə tutulub. Bunun üçün 200 qutu (280 qram) ipəkqurdu toxumu gətirilərək Kürqırağı kəndlərdə müqavilə bağlanılan kümçülərə paylanılıb.
Ölkədə bu sahənin inkişaf etdirilməsi rayon sakinləri tərəfindən razılıqla qarşılanıb. Ən çox sevinən isə rayonun Talış kənd sakini Ağadadaş Əlizadə olub. Ağadadaş kişi sovet dönəmində baramaçılıqla məşğul olduğunu və onun xeyrini gördüyünü söyləyir. Rayonda yenidən barama istehsalına başlanılması onun ürəyincə olub. Ötən ildən barama bəsləməyə hazırlaşan A.Əlizadə bu mövsüm 5 qutu ipəkqurdu götürüb. Kümçü bəslədiyi qurdlardan ən azı 450 kiloqramdan çox məhsul əldə edəcəyinə əmindir.