REGİONLAR
Uzun illərdən sonra Oğuzda yenidən barama yetişdiriləcək
Oğuz, 13 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Uzun illər fasilədən sonra bu il Oğuz rayonunda yenidən barama yetişdirilməsinə başlanılacaq. İlkin olaraq rayonda 2 ton yaş barama istehsalı nəzərdə tutulur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda rayon ərazisində əvvəlki illərdə salınmış 2 hektar məhsuldar tut bağları var. Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə ötən ilin payızında rayon ərazisində əlavə olaraq 8,9 hektar sahədə yeni tut (çəkil) bağları salınıb, 30 min tut tingi əkilib. Əkilən tinglərin 28 min ədədi intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən tinglər, 2 min ədədi isə “Şəki-İpək” ASC-nin tinglik təsərrüfatında yetişdirilən yerli tinglərdir.
Yeni salınan bağların məhsuldarlığı artdıqca, rayonda barama istehsalının daha da yüksələcəyi gözlənilir.