MƏDƏNİYYƏT


“Uzuncorab Peppi” tamaşası ilk dəfə Azərbaycan dilində təqdim olunub

A+ A

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç uşaq ədəbiyyatının məşhur nümayəndəsi Astrid Lindqrenin “Uzuncorab Peppi” romanı əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveçin Azərbaycandakı səfirliyi və “Azərcell” şirkətinin birgə layihəsi əsasında hazırlanıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, eyniadlı romanının motivləri əsasında Stafan Qotestamın səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (Danimarka), aranjemançısı Rüfət Ramazanov, məsləhətçisi görkəmli İsveç rejissoru Ronni Danielsson, rejissor assistenti Sona Mustafayevadır.

Yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Xəyalə Meydanova, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva və başqaları ifa ediblər.

Anasız Peppinin atası dənizdədir. O, tənha qalıb. Belə bir vaxtda onun ən yaxın dostu meymun, bir də atdır. Buna baxmayaraq, o, özünə yeni dostlar da tapır. Lakin bu dostların ətrafı Peppinin sərbəstliyini, qeyri-adi hərəkətlərini anormal sayırlar. Sosial təminat şöbəsi isə onu uşaq evinə göndərmək üçün çalışır. Son anda atası gəlib qızını onu anlamayan insanların əlindən qurtarır.

Tamaşada sahibsiz qalanlara sahib durmaq, köməksizlərə əl uzatmaq, vətənpərvər, insanpərvər olmaq, ailə tərbiyəsinin əhəmiyyəti barədə çoxlu fikirlər səslənir.

Gənc tamaşaçılar üçün böyük tərbiyəvi əhəmiyyəti olan bu tamaşa aktyor oyunu, gözəl dekorasiyası və bir sıra yaxşı məziyyətləri ilə maraq doğurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.