ELM VƏ TƏHSİL
Üzvi gübrələr laboratoriyasında uğurlu elmi tədqiqat işləri aparılır
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun üzvi gübrələr laboratoriyasında hazırda yüksək doza ilə üzvi tərkibli kamposların təsiri ilə neft mədənləri altından çıxmış ağır-gilli duzlu torpaqların bərpası və əkinə qaytarılması üzərində uğurlu elmi tədqiqat işləri aparılır.
Bu barədə üzvi gübrələr laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru, professor Paşa Zamanov AZƏRTAC-a məlumat verib.
Bildirilib ki, Abşeronda neft buruqları altından çıxmış ağır-gilli duzlu torpaqların sahəsi 7.400 hektardan çoxdur. Ona görə də laboratoriya üzvi tullantılardan hazırlanmış yüksək dozada (300-400 ton) üzvi tərkibli gübrələr verməklə bu torpaqları yaxşılaşdırır, əkinə yararlı hala salır və bol məhsul götürmək üçün şərait yaradır. Hazırda laboratoriya tərəfindən Qala və Binə qəsəbələri arasında neft buruqları altından çıxmış ağır-gilli duzlu torpaqlarda təcrübələr davam etdirilir.
Qeyd edilib ki, üzvi gübrələr laboratoriyası Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramında əksini tapmış “Respublikada əmələ gələn bərk sənaye, kənd təsərrüfatı, məişət tullantılarının təkrar emalı-gübrə kimi istifadə edilməsi” mövzusunun icraçısı və tətbiqçisidir.
Respublikada ilk dəfə mədəni və texniki bitkilərin qida elementlərinə tələbatının riyazi yolla təcili olaraq hesablanması bu laboratoriyada öyrənilib.