ELM VƏ TƏHSİL
“Üzvi reagentlər analitik kimyada” mövzusunda II respublika elmi konfransı
Bakı, 28 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli kimyaçı alim, professor Allahverdi Verdizadənin 100 illik yubileyinə həsr edilmiş “Üzvi reagentlər analitik kimyada” mövzusunda II respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, ADPU-nun Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi konfransı bu ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov açaraq alimin həyat və fəaliyyətindən, kimya elminə verdiyi töhfələrdən danışıb.
Y.Məmmədov bildirib ki, 1914-cü ildə anadan olmuş, adı görkəmli kimyaçı-analitiklər arasında şərəfli yer tutan A.Verdizadə parlaq və zəngin həyat yolu keçib. O, orta məktəbi bitirdikdən sonra 1933-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) təbiyyat-riyaziyyat fakültəsinin kimya-biologiya ixtisasını bitirib. 1945-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyası müdafiə edib və 1967-ci ildə ona professor elmi dərəcəsi verilib. Müxtəlif ali məktəblərdə çalışmış alim ömrünün 27 ilini ADPU-da keçirib.
Diqqətə çatdırılıb ki, bu ali təhsil ocağında indi də uğurla fəaliyyət göstərən analitik və fiziki kimya kafedrasını 1969-cu ildə professor A.Verdizadə yaradıb və ömrünün sonunadək həmin kafedraya rəhbərlik edib. O, keçmiş SSRİ-nin elmi-tədqiqat və tədris müəssisələri ilə sıx elmi əlaqələr qurub. Hazırda kafedraya alimin övladı və yetirməsi olan professor Nailə Verdizadə rəhbərlik edir. İndiyədək kafedrada 15-dən artıq dərslik, 100-dən çox dərs vəsaiti, metodik göstəriş və elmi-kütləvi kitablar, o cümlədən yüzlərlə elmi və elmi-metodik məqalələr, tədris planları və proqramları yazılıb. Kafedranın əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri ölkəmizdə və xaricdə məqalə və tezis şəklində çap edilib.
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Professor Allahverdi Verdizadənin həyat və elmi-pedaqoji fəaliyyəti” mövzusunda çıxış edib. Bildirib ki, professor A.Verdizadə həm elmi tədqiqatçı alim, həm də pedaqoq kimi zəngin və parlaq həyat yolu keçib. Respublika kimyaçıları arasında böyük nüfuza malik kimya elmləri doktoru, professor A.Verdizadənin analitik kimya sahəsində böyük xidmətləri olub.
Akademik, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan böyük quruculuq işləri, uğurlu iqtisadi siyasət, elm və təhsilə göstərilən xüsusi diqqət və qayğı digər sahə mütəxəssisləri kimi ölkə kimyaçıları qarşısında da böyük və məsuliyyətli vəzifələr qoyur. Bu işləri layiqincə yerinə yetirən kimyaçılar arasında professor A.Verdizadənin yüzlərlə tələbələri və davamçıları da vardır.
Konfransda alimlərin “Kimyanın tədrisində “Təhsildə dinamik fəzavi təfəkkür” nəzəriyyəsinin metodiki istifadə yolları” və “Bəzi d-elementlərinin –O, -S, -N tərkibli liqandlarla müxtəlifliqandlı komplekslərinin analitik xassələri” mövzularında elmi məruzələri dinlənilib.
Sonra işini 7 bölmədə davam etdirən konfransda 167 məruzə dinlənilib, müzakirələr aparılıb.