İQTİSADİYYAT
VERGİLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Vergilər Nazirliyi “Nümunəvi vergi ödəyicisi” fəxri adına layiq görülən vergi ödəyicilərinin ilkin siyahısını açıqlamışdır.
2001-ci hesabat ilinin yekunlarına görə fəxri ada altı təşkilat – Mingəçevir “Şüşə Lifi” Səhmdar Cəmiyyəti, “Samir-H” tikinti firması, “Aztel” Azərbaycan-Türkiyə birgə müəssisəsi, Azərbaycan Beynəlxalq Kino Şirkəti, “Azərtibbtəchizat” Maddi-Texniki Təchizat İdarəsi və “Titan” Məhdud Məsuliyyətli Müəssisə layiq görülmüşdür.
Fəxri ad təşkilati-hüquqi formasından asılı olmayaraq və maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə xüsusilə fərqlənən vergi ödəyicilərinə ildə bir dəfə seçmə qaydasında verilir. “Nümunəvi vergi ödəyicisi” fəxri adı intizamlı vergi ödəyicilərini seçib fərqləndirmək və təşviq etmək üçün təsis olunmuşdur. Fəxri ad vergi öhdəliklərini tam və vaxtında yerinə yetirən, vergi qanunvericiliyinə hörmətlə yanaşan və ona əməl edən vergi ödəyicilərinə verilir. Nümunəvi vergi ödəyicisinin seçilməsi zamanı əvvəlki üç illik maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri nəzərə alınmaqla, son hesabat ilinin yekunları əsas götürülür. Nümunəvi vergi ödəyiciləri dörd nominasiya – istehsal, xidmət, kommersiya, nəqliyyat və tikinti sahələri üzrə seçilirlər. Onların reytinq cədvəli xüsusi metodika əsasında kompüter proqramı vasitəsilə müəyyən olunur. Fəxri ada layiq görülən vergi ödəyicilərinə Şəhadətnamə və mükafat təqdim edilir.
Nümunəvi vergi ödəyicilərinin seçilməsi üçün müvafiq komissiyaya 300-dək namizədin sənədləri daxil olmuşdur. Seçim prosesi davam edir və yekun siyahı barədə əlavə məlumat veriləcəkdir.