Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

«VERGİ ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ» AZƏRBAYCAN RESPUBLİKASININ MEDALININ TƏSVİRİ

Azərbaycan Respublikasının

2009-cu il 29 dekabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

«Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı bürüncdəndir, lövhə şəklində tərtib edilmişdir.

Diametri 42 mm olan lövhə dairə şəklində hamar hissə və kənarlardan qabarıq şəkildə səkkizguşəli ulduzdan (ulduzun guşələri arasında isə kiçik ulduz başlıqları) ibarətdir. Medalın üz tərəfi hamar səthlidir, dairəsinin içərisində Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı təsvir edilmiş və kənarlarda çevrə boyu sünbül yarpağından çələng yerləşdirilmişdir.

Medalın arxa tərəfində dairənin kənarlarında çevrə boyu sünbül və dəfnə yarpaqlarından çələng yerləşdirilmiş və mərkəzində 1-ci dərəcəli medalda “VERGİ ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri və onun altında “I” rəqəmi, 2-ci dərəcəli medalda “VERGİ ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri və onun altında “II” rəqəmi, 3-cü dərəcəli medalda “VERGİ ORQANLARINDA XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri və onun altında “III” rəqəmi həkk olunmuşdur.

1-ci dərəcəli medal qızılı, 2-ci dərəcəli medal gümüşü, 3-cü dərəcəli medal isə bürünc rənglidir.

Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 45 mm ölçüdə metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə hər iki tərəfdən paralel olaraq mavi, qırmızı və yaşıl rənglərdən ibarət yuxarıdan aşağıya doğru hər birinin eni 4 mm olan zolaqlardan, mərkəz hissədə isə eni 13 mm olan tünd göy rəngli zolaqdan ibarətdir. 1-ci dərəcəli medalın lövhəsinin üz tərəfində mərkəzdə 25 mm diametr olan dairəvi lent vardır, lentin sağ və sol kənarlarından konusvarı mərkəzə doğru ortada mavi rəng və onun hər iki kənarında qırmızı və yaşıl rənglərdən ibarət zolaqlar, yuxarı və aşağı hissəsindən isə tünd göy rəngli zolaq vardır. Lövhənin mərkəzindəki tünd göy rəngli zolağın daxilindən yuxarıdan aşağıya doğru 2-ci dərəcəli medal üçün eni 1 mm olan və bir-biri ilə arası 3 mm olan gümüşü rəngdə iki zolaq, 3-cü dərəcəli medal üçün eni 1 mm olan və bir-biri ilə arası 2 mm olan bürünc rəngdə üç zolaq vardır.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və lövhə ilə eyni tərtibatda olan 37 mm x 10,3 mm ölçülü qəlib əlavə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin