REGİONLAR
VIII Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə maraqlı konsert proqramı təqdim olunub VİDEO
Ağcabədi, 23 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədi şəhərindəki “Qarabağ Muğam Mərkəzi”ndə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, Üzeyir Hacıbəyli musiqisinin pərəstişkarları əvvəlcə böyük bəstəkarın “Qarabağ Muğam Mərkəzi”nin həyətindəki büstünü ziyarət edərək, önünə çiçək dəstələri düzüblər.
Tədbir Azərbaycan Dövlət himninin oxunması ilə başlayıb. Ansamblın bədii rəhbəri Xalq Artisti Ağaverdi Paşayev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək, böyük bəstəkarın şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir bəy Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. O, müsəlman Şərqində operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb. Ü.Hacıbəyli həmçinin felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, tərcümələr edib, ictimai işlərdə fəal çalışıb.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. 2009-cu ildən başlayaraq ölkəmizdə hər il sentyabrın 17-27-də keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
Sonra Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, həmçinin Ağcabədi şəhər incəsənət məktəbinin və “Qarabağ Muğam Mərkəzi” ifaçılarının təqdimatında dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib. İfa olunan muğam və mahnılar, rəqslər, “Arşın mal alan” operettasından parçalar və digər musiqi nömrələri ağcabədili musiqisevərlərin marağına səbəb olub.