ELM VƏ TƏHSİL
VII Avrasiya Beynəlxalq konfransında növbəti tədbirin Daşkənddə keçirilməsi qərara alınıb
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilən “Nüvə elmləri və onun praktiki aspektləri” mövzusunda VII Avrasiya beynəlxalq konfransı başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransı AMEA, Radiasiya Problemləri İnstitutu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə Atom Enerji Kurumu, Qazaxıstan Milli Nüvə Mərkəzi, Nüvə Fizikası İnstitutu, Özbəkistan Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutu, Qırğızıstan Elmlər Akademiyası birgə təşkil edib.
Konfransın işində Azərbaycan Respublikasının nüvə və radiasiya ilə bağlı qurumları, eləcə də Rusiya, Argentina, Almaniya, Polşa, Ukrayna, Belarus, Türkiyə, Şimali Kipr, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, İran və digər ölkələrdən 80-ə yaxın alim və mütəxəssis iştirak edib. Konfransa 13 ölkədən 287 məruzə daxil olub.
Beynəlxalq tədbirdə nüvə və radiasiya tədqiqatları və texnologiyaları, onların praktiki aspektləri, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. Növbəti konfransın 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilməsi qərara alınıb.