İQTİSADİYYAT
VII Azərbaycan Beynəlxalq Sığorta Forumu başa çatıb
Bakı, 24 iyun, AZƏRTAC
Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2016) iyunun 24-də işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, Polşa Avtomobil Sığortası Bürosunun rəhbəri Marius Victouskinin moderatorluğu ilə keçirilən forumun ikinci günündə avtomobil sığortası mövzusu diqqət mərkəzində olub.
"Avtomobil sığortası (KASKO və AVSMMİS (Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası)" və "Yeni sığorta məhsulları – imitasiya ya innovasiya" mövzularında keçən panel iclaslarda "İcbari sığortanın 2015 - 2016-cı il üzrə göstəriciləri", "Avtomobil sığortası üzrə zərərlərin tənzimlənməsində yaranan problemlər", "Avtomobil sığortasında zərərlərin tənzimlənməsi proseslərin elektronlaşması", "Sığorta hadisələrinin tənzimlənməsində informasiya texnologiyalarının rolu", "Sığorta vasitəçilərinin iş mexanizmləri", "Sığorta məhsulları, qeyri-sabit iqtisadiyyatda kapitalın müdafiəsi kimi: banklar və müştərilərin tələbləri", "Kreditlərin sığortası üzrə həcmin azalmasından sonra banklar hansı sığorta məhsullarını sata bilər?", "Paket sığorta məhsullarının inkişafı", "Azərbaycan həyat sığortası bazarı və yeni sığorta məhsulları", "Banklar və sığorta şirkətlərinin işgüzar münasibətləri – banklar vasitəsilə satışı həyata keçirilən sığorta məhsullarının inkişafı kimi" mövzularında məruzələr dinlənilib.
Forum Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilib və tədbirdə 20 ölkədən 200-dən çox şirkət və təşkilatın nümayəndəsi iştirak edib.