DÜNYA
VTB bu il Fransanı tərk edir
Bakı, 30 mart, AZƏRTAC
Rusiyanın "VTB Qrup" şirkəti bu il Fransa ilə uzunmüddətli əməkdaşlığından imtina etmək niyyətindədir. Şirkətin rəhbərliyi dəqiq səbəbləri açıqlamır.
AZƏRTAC "vistanews.ru" saytına istinadla xəbər verir ki, martın 29-da VTB-nin rəsmi nümayəndəliyindən onların artıq Fransa ərazisində öz xidmətlərini təqdim etmək niyyətində olmadıqları və ölkədə fəaliyyətlərini tezliklə dayandıracaqları barədə bəyanat daxil olub.
VTB sədrinin müavini Yuri Solovyov qeyd edib ki, VTB bundan sonra Almaniya və Avstriya ilə əməkdaşlığını davam etdirəcək, Fransada isə qalmaq niyyətləri yoxdur. Hazırda infrastrukturun bağlanması üçün bütün lazımi əməliyyatlar aparılır və yaxın gələcəkdə iş dayandırılacaq.
Qeyd edək ki, "VTB Qrup" - maliyyə bazarının bütün əsas seqmentlərində fəaliyyət göstərən 20-dən çox kredit və maliyyə şirkətlərindən ibarət Rusiyanın maliyyə qrupudur. Qrup strateji holdinq prinsipi əsasında qurulub ki, bu da “VTB Qrup”a daxil şirkətlərin vahid inkişaf strategiyasının, vahid brendinin, mərkəzləşdirilmiş maliyyə menecmenti və risklərin idarə edilməsinin, birləşmiş nəzarət sistemlərinin mövcudluğunu nəzərdə tutur.
"VTB Qrup" Rusiya bankları üçün unikal olam beynəlxalq şəbəkəyə malikdir və bununla da beynəlxalq əməkdaşlığın inkişafına və Rusiya şirkətlərinin dünya bazarlarında irəliləməsinə dəstək verir. MDB ölkələrində Qrup Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstanda təmsil olunur. Avstriya, Almaniya və Fransadakı VTB bankları başda VTB (Avstriya) olmaqla Avropa subholdinqi çərçivəsində fəaliyyət göstərir. Bundan başqa, Qrup Böyük Britaniya, Kipr, Serbiya, Gürcüstan və Anqolada törəmə bankalara sahibdir. Çin və Hindistanda "Bank VTB"-nin bir filialı, Sinqapur və Dubayda isə "VTB Kapital"ın iki filialı var.