İQTİSADİYYAT


V Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi məsələsi müzakirə edilib

Bakı, 21 dekabr, AZƏRTAC

İqtisadiyyat naziri Şahin Mustafayevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ilə görüşündə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr, xüsusilə də ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də V Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun keçirilməsi məsələləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını vurğulayıb. Bildirilib ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi zamanı Azərbaycan xalqı böyük narahatçılıq keçirdi. Lakin Türkiyə xalqının və dövlətinin nümayiş etdirdiyi birlik nəticəsində bu dəhşətli cinayətin qarşısı alındı. Şahin Mustafayev bu ilin dekabrında İstanbulda və Kayseridə baş vermiş terror aktlarını xatırladaraq bu hadisələrlə bağlı Türkiyəyə bir daha başsağlığı verib.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdıran Şahin Mustafayev ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu və bu istiqamətdə ətraflı müzakirələrin aparılmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, Türkiyənin idxal etdiyi hər hansı məhsul Azərbaycanın ixrac məhsulları siyahısında mövcuddursa, həmin məhsullar Azərbaycandan idxal edilə bilər. Bundan başqa, Naxçıvan Muxtar Respublikasından Türkiyəyə ixracın genişləndirilməsi də vacibdir.

Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu və ölkəmizin dəstəyini hər zaman hiss etdiklərini vurğulayan Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin də bu səviyyəyə çatdırılmasının vacibliyini qeyd edib, bu sahədə əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini bölüşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.