REGİONLAR


V Beynəlxalq multikulturalizm yay məktəbi Qaxda  işini davam etdirir

Qax, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin tövsiyəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Mədəniyyətlərarası dialoq dini və mədəni müxtəliflik kontekstində - Azərbaycanda dinlərarası harmoniya” adlı V Beynəlxalq multikulturalizm yay məktəbi iyulun 27-də Qaxda işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, yay məktəbinin dördüncü günü Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun “Azərbaycan Respublikasının multikulturalizm siyasətinin onun xarici siyasətinə təsiri” mövzusunda mühazirəsi dinlənilib.

Etibar Nəcəfov bildirib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Ölkəmizdə multikulturalizm siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaradıb.

Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Etibar Nəcəfov deyib: “Ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə dövlət səviyyəsində yüksək önəm verilməsini, ilk növbədə, Azərbaycan Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını qeyd etmək olar. Mərkəzin əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, həmçinin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir. Multikulturalizmi təbliğ edən Azərbaycan onu azərbaycançılıq məfkurəsinin tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırıb. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına və dövlət siyasətinə çevrilməsi ilə bağlıdır”.

Mühazirədə vurğulanıb ki, multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin mühüm istiqaməti kimi, ölkənin xarici siyasət fəaliyyətinə də müsbət təsir göstərir: “Multikulturalizm Azərbaycan Respublikasının uğurlu xarici siyasətinin mühüm amili kimi çıxış edir. Bu, özünü, ilk növbədə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında göstərir. Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Ölkənin uğurlu xarici siyasəti isə öz növbəsində, onun daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm siyasətinə müsbət təsir göstərir, bunun daha da davamlı olmasına şərait yaradır”- deyə Etibar Nəcəfov bildirib.

Mühazirəçi sonra iştirakçıların mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları günün ikinci yarısında Qəbələ rayonunun tarixi məkanları ilə tanış olacaq, “Tufandağ” yay-qış turizm istirahət kompleksinə ekskursiya edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.