CƏMİYYƏT
V Beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyətə başlayacaq
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 24-30-u Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), UNESCO, “Erasmus+”, “ALADDİN layihəsi” və Azərbaycanın Gənc Dostları Klubunun təşkilatçılığı ilə V Beynəlxalq multikulturalizm yay məktəbi fəaliyyətə başlayacaq.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 15, Azərbaycanın 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.
V Beynəlxalq multikulturalizm yay məktəbində Azərbaycan, Almaniya, İsveçrə, Estoniya, Litva, Bolqarıstan, Türkiyə, Əfqanıstan, Avstraliya, ABŞ, Rusiya, Ukrayna, Norveç, Benin, Tunis, Misir, İsrail, Polşa, Böyük Britaniya, Fransa, Liviya, Braziliya, Çin kimi ölkələrin aparıcı universitetlərindən 60-dan çox tələbənin iştirak edəcəyi gözlənilir.
Yay məktəbinin fəaliyyəti Bakı şəhəri ilə yanaşı, Şəki, İsmayıllı, Qəbələ və Qax rayonlarını əhatə edəcək, iştirakçıların Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmaların rəhbərləri, görkəmli dövlət və din xadimləri ilə görüşləri təşkil olunacaq.
Təlim çərçivəsində iştirakçılar azərbaycanlı alimlərlə yanaşı, xarici mütəxəssislər Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim ediləcək, tələbələrin Şəhidlər Xiyabanı və Fəxri Xiyabana, Qobustana və Atəşgaha, İçərişəhərə, Nic, Lahıc qəsəbələrinə, Şəkidəki Xan Sarayı kompleksinə, Qəbələdə Tufandağ yay-qış turizm istirahət kompleksinə səfərləri də nəzərdə tutulub.