CƏMİYYƏT
Vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışı keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Çevik Polis Alayında Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyindəki orqan və hissələrdə vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə Ramil Usubov ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti və dünyagörüşü ilə maraqlanıb, tövsiyələrini çatdırıb. Ümumilikdə 360 iddiaçının arasından daha hazırlıqlı olan 76 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul edilməsi üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Eyni zamanda, nazir daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla bağlı DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin də sıra baxışını keçirib, onların hazırlıq səviyyəsindən razı qaldığını bildirib. Tələb olunan parametrlərə uyğun gəlməyən 26 gəncin fiziki hazırlıqlıqlarını və dünyagörüşlərini artırmaları tövsiyə edilib.
Tədbirin sonunda nazir Ramil Usubov namizədlərə gələcək çətin, lakin şərəfli xidmətlərində uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, onlar daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirərək qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, Vətəninə, xalqına və Prezidentinə sədaqətlə xidmət edəcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, peşəkarlıqlarını daim artıracaq, respublikamızda sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.