CƏMİYYƏT
“Vakedə Klinika” Gürcüstanda yaşayan azərbaycanlılar üçün növbəti pulsuz müayinə aksiyası keçirib
Tbilisi, 18 dekabr, AZƏRTAC
“Vakedə klinika” adlı səhiyyə müəssisəsi dekabrın 18-də Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunda növbəti pulsuz müayinə aksiyası keçirib.
Aksiyada 100-dək azərbaycanlı, eləcə də gürcü və digər millətlərin nümayəndələri pulsuz olaraq müayinə olublar.
Klinikanın yüksək ixtisaslı həkimləri insanları müayinə edib, müalicələri ilə bağlı tövsiyələrini veriblər.
“Vakedə klinika”nın baş direktoru, professor Zinaida Vaşakidze jurnalistlərə müsahibəsində deyib: “Biz bundan əvvəl də Azərbaycan xalqının ümummilli lideri, gürcü xalqının böyük dostu Heydər Əliyevin anım günü ilə əlaqədar Marneulidə pulsuz müayinə aksiyası keçirmişik. Bu gün dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yaşayan insanları müayinə edirik. Bu aksiyamız da dünya şöhrətli siyasətçi, qəlbimizdə əbədi yaşayan Heydər Əliyevin xatirəsinə həsr olunub. Belə bir dahi şəxsiyyətin anım günü ilə əlaqədar azərbaycanlılar yaşayan bölgələrdə pulsuz müayinələr təşkil etməkdən qürur duyuruq”.
Onun sözlərinə görə, bu cür aksiyalar azərbaycanlıların yığcam yaşadıqları Bolnisi, Qardabani və digər bölgələrdə də təşkil ediləcək.
Dmanisi rayon icra hakimiyyəti başçısının müavini Arif Süleymanov deyib ki, bu gün əksər insanların müayinə və müalicə üçün paytaxt Tbilisiyə getmək imkanı yoxdur. Belə aksiyanın təşkili, insanlara qayğı rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi