DÜNYA
Valensiyada “İpək yolu” layihəsi çərçivəsində görüş keçirilib
Madrid, 10 sentyabr, AZƏRTAC
Valensiyada İspaniyanın xarici işlər naziri Xose Manuel Garsiya-Margallo, vilayətin rəhbəri Ximo Puç və beynəlxalq “İpək yolu” layihəsinə qoşulmuş bir sıra ölkələrin İspaniyadakı səfirlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə bildirilib ki, “İpək yolu” layihəsinin məqsədi Avrasiya ölkələri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsidir. Layihə 30-dan artıq ölkənin təşəbbüsü ilə yaradılıb.
Nazir Xose Manuel Qarsiya-Marqalo çıxışında deyib ki, İspaniya hökumətinin mövqeyi Rusiya və Qərb arasındakı soyuq münasibətlərin əməkdaşlıq ab-havası ilə əvəzlənməsinə çalışmaqdan ibarətdir. O bildirib ki, Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında əməkdaşlığın möhkəmlənməsi həm də Avropa İttifaqının Rusiya ilə münasibətlərinin inkişafına təkan verə bilər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid