İDMAN


Valentin Demyanenko: İdmançılar üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə minnətdaram

A+ A

Bakı, 27 avqust, AZƏRTAC 

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun “Rio-2016” Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə avqustun 27-də Mingəçevir şəhərindəki “Kür” Olimpiya və Təlim-Məşq Mərkəzində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, 33 yaşlı idmançı əvvəlcə Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) rəsmiləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Gümüş medalçı Mingəçevirin idman ictimaiyyəti, gənc avarçəkənləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

Sonra mətbuat konfransı keçirilib. Mətbuat konfransında təcrübəli kanoeçinin anası Vera Demyanenko da iştirak edib. İdmançı və anası yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə, gənclər və idman naziri Azad Rəhimova, AMAF-ın prezidenti Elçin Zeynalova, “Kür” Olimpiya və Təlim-Məşq Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.

Təcrübəli idmançı Olimpiya Oyunlarında qızıl deyil, gümüş medal qazanmasının səbəbini belə izah edib: “Finalda hər şey qaydasında idi. Qalib olmağım üçün 0,2 saniyə çatmadı. Nəticədə 7 santimetr geridə qalmağım gümüş medalla kifayətlənməyimə səbəb oldu”.

O deyib: “İlk növbədə, idmançılar üçün yaratdığı şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Eləcə də idman naziri Azad Rəhimova, federasiyamızın prezidenti Elçin Zeynalova təşəkkür edirəm. 9 il ərzində uzun yol qət etmişik. Yekunda olimpiadada gümüş medal qazandım. Bu uğurda mənə dəstək və kömək olan hər kəsə təşəkkürümü bildirirəm”.

Demyanenko qeyd edib ki, hazırda istirahət barədə düşünür: “Olimpiadada istədiyimə nail oldum, medal qazandım. İndi istirahət etməliyəm. Ukraynaya yollanacağam. Ukraynalılar arasında da qazandığım nəticəyə görə sevinənlər var”.

Sonda jurnalistlər idman qurğusunda yaradılan şəraitlə tanış olub, uşaq və yeniyetmə avarçəkənlərin məşqini izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.