İDMAN
Valentin Demyanenko: Mən finalda qalibdən 0,078 saniyə geri qalaraq gümüş medal qazandım, nəticədən razı deyiləm VİDEO
Mingəçevir, 16 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Düşünürəm ki, finaldakı çıxışım uğurlu alınmadı. Hər bir idmançı kimi mən də qızıl medal üçün yarışdım. Amma ikinci oldum, nəticədən razı deyiləm.
AZƏRTAC xəbər verir ki, bu sözləri birinci Avropa Oyunlarının avarçəkmə yarışlarında gümüş medal qazanan kanoe üzrə dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenko jurnalistlərə müsahibəsində deyib: “Mən bu gün uduzdum. Əlbəttə, çıxışımdan narazıyam. Ümumiyyətlə, 200 metr sprinter məsafəsi sayılır. Burada mikrosaniyə də öz sözünü deyir. Qızıl medal üçün demək olar ki, santimetr çatmadı. Mən finalda qalibdən 0,078 saniyə geri qaldım. Yürüşün qalibi olan latviyalı Henrikas Juştautas istedadlı idmançıdır, cəmi 20 yaşı var. Ümid edirəm ki, gələcəkdə mən ona yenə də rəqib olacam. Həmişə, hər yerdə qələbəyə can atıram. Bu gün alınmadı. Ümidvaram ki, zamanla hər şey yaxşı olacaq. Amma hələ qarşıda vaxt var. Harada səhv etdiyimi müzakirə edəcəyik. Dünya çempionatında özümü təsdiq etməyə çalışacam”.