MƏDƏNİYYƏT
Valeri Korçagin: Azərbaycan çoxəsrlik mədəni sərvətdir
Moskva, 4 fevral, AZƏRTAC
Rusiyanın Xalq Artisti, skripkaçı Valeri Korçagin hesab edir ki, Novosibirskin və Azərbaycanın musiqi sahəsində yolları tez-tez kəsişir. O əmindir ki, Azərbaycanın və Novosibirskin mədəniyyət xadimləri arasında dostluq gələcəkdə də inkişaf edəcək və bir çox yeni təəssüratlar yaradacaq.
AZƏRTAC xəbər verir ki, deputat Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun müxbirinə müsahibəsində Valeri Korçagin Novosibirsk və Azərbaycan musiqiçilərini birləşdirən tellərdən, qonşu ölkədən gələn qonaqların təcrübəli Sibir tamaşaçılarında həmişə maraq doğurmasından danışıb.
- Son vaxtlar azərbaycanlı adları Novosibirsk afişalarında getdikcə daha tez-tez görünür. Bu cür peşəkar dostluq nədən başlanıb?
- Heç də təəccüblü deyil ki, Novosibirskin və Azərbaycanın musiqi sahəsində yolları tez-tez kəsişir. Bizim Novosibirsk Akademik Simfonik Orkestrinin banisi, Novosibirsk Dövlət Konservatoriyasının professoru və şəhərimizin fəxri sakini Arnold Katsın Bakı ilə birbaşa əlaqəsi olub. O, bu gözəl şəhərdə doğulub, yaşayıb və işləyib, onun Azərbaycandan münasibət saxladığı çoxlu musiqiçi dostları vardı. Novosibirsk Filarmoniyasının kamera orkestrinin bədii rəhbəri və dirijoru Mixail Turiç də orada yaşayıb və işləyib. Onun atası, görkəmli violonçel ifaçısı İsaak Turiç isə Azərbaycanda kvartet sinfinə dərs deyib. Hər halda, Novosibirsk musiqiçilərini bu ölkə ilə bağlayan cəhətlər çoxdur.
- Hazırda bu əlaqələr möhkəmlənməkdə davam edirmi?
- Novosibirskə gənc, istedadı olan azərbaycanlı dirijor və musiqiçilər gəlir, Novosibirsk orkestri artıq Bakıda qastrolda olub. Bu ilin payızında kollektiv yenidən Azərbaycana gedəcək. Orada gözəl konsert zalı, başlıcası isə klassik musiqi həvəskarları var. Musiqiçilər üçün təcrübəli insanlar qarşısında çıxış etmək hər zaman xoşdur. Mənim də Bakıda, Azərbaycanda çoxlu dostum var. Onlarla bir yerdə Moskvada təhsil almışıq. Lakin sözsüz ki, tanışlıq dairəsini genişləndirmək istərdim. Bu yaxınlarda Novosibirskdə Əyyub Quliyev konsert verib, bundan əvvəl Trans-Sibir festivalında Polad Bülbüloğlunun oğlu Murtuza çıxış edib, görkəmli müğənninin özü isə festivalda qonaq qismində olub.
- Novosibirskdə mədəni həyat kifayət qədər yüksək səviyyədədir və dinləyicilər xeyli tələbkardırlar... Azərbaycan musiqiçilərini tamaşaçılar necə qarşılayır? Onların çıxışında milli kolorit nə dərəcədə hiss olunur və insanlar bunu necə qarşılayırlar?
- Azərbaycan musiqiçilərinin çıxışları hər zaman böyük maraq doğurur. Axı onlar hər şeydən əvvəl istedadlı, temperamentli və maraqlı insanlardır, gözəl musiqi bəstələyir və ifa edirlər. Bu, həmişə onlara maraq oyadır və onlarla yenidən görüşmək istəyi doğurur. Ona görə də Azərbaycan ifaçılarını tanıyır və gözləyirlər, onların konsertləri həmişə anşlaqla keçir. Tamaşaçılar Murtuza Bülbülün simfonik orkestrlə çıxışını indiyədək xatırlayırlar. Bu, çox qeyri-adi idi, indi böyük musiqiçilərin gəncləri bu cür dəstəkləməsinə olduqca az rast gəlinir. Polad Bülbüloğlunun adı isə hamı üçün əzizdir, o, heyrətamiz musiqiçi və gözəl insandır. Onunla görüşmək böyük məmnunluq yaradır.
- Bakı və Moskva məktəbləri musiqiçilərinin ifa tərzi fərqlənirmi?
- Əvvəllər milli bölmələr yox idi, bu ümumittifaq məktəbi idi. Bizim hamımızı bir məkan bağlayırdı, yeni və maraqlı olanı bir yerdə öyrənirdik. Moskva Konservatoriyasına bütün respublikalardan istedadlı uşaqlar gəlirdi, konsertlərdə fikir mübadiləsi aparılırdı, bu, indiki müasir texnologiyaları əvəz edirdi. Lakin biz hamımız sovet musiqisi imicinə uyğun gəlməyə, onu qorumağa çalışırdıq.
Bilirəm ki, Azərbaycanda bir çox böyük musiqiçilər, müğənnilər yaşayıb-yaradıblar. Mstislav Rostropoviçi və ya Müslüm Maqomayevi xatırlamaq kifayətdir... Azərbaycanlılar ənənəni yüksək qiymətləndirdikləri və ən yaxşı olanı qoruyub saxladıqları üçün orada səviyyəni yüksəkdə saxlamaq imkanı var.
- Həqiqətən, son illər azərbaycanlıların adları dünya səhnəsində daha tez-tez çəkilir...
- Bu yaxınlarda Müslüm Maqomayev adına müsabiqədə ilk iki yeri Rusiyadan, növbəti iki yeri isə Azərbaycandan olan iştirakçılar tutublar, P.Çaykovski adına müsabiqədə isə xüsusi mükafat azərbaycanlı skripkaçıya verilib. Dirijor Əyyub Quliyev çox istedadlı musiqiçidir, onun Novosibirskə ilk qastrolunda biz qısa müddətdə çox maraqlı caz proqramı hazırladıq. İkinci gəlişində isə proqram çox ciddi idi. O, dövrün stilistikasında düzgün istiqamət götürür və öz temperamentini klassik ifaya daxil etməyi bacarır.
- Azərbaycanlı həmkarları ilə bu cür əlaqələr orkestrin ifa ustalığına necə təsir göstərir?
- Onlar zəngin təəssürat, gələcək layihələrə perspektivlər, başlıcası isə yeni səslənmə verirlər. Axı Azərbaycan çoxəsrlik mədəni sərvətdir! Çox inanıram ki, bizim dostluğumuz gələcəkdə də inkişaf edəcək və bunun nəticəsi olaraq həm Novosibirsk sakinlərində, həm də azərbaycanlılarda yeni təəssüratlar yaradacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva