CƏMİYYƏT
Valiske Assosiasiyasının rəhbəri: Azərbaycanda multikultural və tolerant mühit yüksək səviyyədədir
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 8-də Fransa yəhudi icmasının nümayəndələri, bu ölkədə fəaliyyət göstərən Valiske Assosiasiyasının rəhbəri Andre Kosmicki, Sorbon Universitetinin professoru Arianne Bendavidi, Fransa ictimaiyyətində tanınan yəhudi əsilli ziyalılar və iş adamları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar.
Görüşdə komitənin sədri Mübariz Qurbanlı ölkəmizdə multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu bildirib, yəhudi icmasının Azərbaycandakı fəaliyyətindən danışıb. Tolerantlığın xalqımızın həyat tərzi olduğunu deyən komitə sədri Azərbaycanda bütün dinlərin nümayəndələrinin əsrlərdir sülh və qardaşlıq mühitində yaşadıqlarını vurğulayıb. Ötən ilin sentyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə həyata keçirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilmiş konfransı məmnunluq hissi ilə xatırladığını deyən M.Qurbanlı ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətlərinin mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, 1995-ci ildə qəbul olunan Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət olması prinsipi yer alıb, bu dünyəvilik isə özündə dövlət-din münasibətlərini ehtiva edir. Komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda tolerantlığın mühüm elementlərindən biri onun qorunmasının dövlət siyasətinə çevrilməsidir.
Valiske Assosiasiyasının rəhbəri Andre Kosmicki multikultural və tolerant mühitin bütün ölkə ərazisində yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi təsadüfi deyil.
Görüşdə Azərbaycan xalqının multikultural və tolerant dəyərləri, yəhudi icmasına göstərilən diqqət və qayğı ətrafında fikir mübadiləsi aparılıb, həmçinin Fransada yəhudi icması ilə əməkdaşlıq məsələsi müzakirə olunub.
Valiske Assosiasiyasının rəhbərinə Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edilib.
Görüşdə Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Dövlət Komitəsi sədrinin müavinləri və şöbə müdirləri iştirak ediblər.