İQTİSADİYYAT


Valyuta bazarında əməliyyatların 85,9 faizi ABŞ dolları ilə aparılıb

Bakı, 5 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun və məzənnə rejiminin çevikliyinin daha da artırılması şəraitində formalaşıb.

AZƏRTAC Mərkəzi Bankın 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, 6 ay ərzində valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli azalıb. Belə ki, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 23,3 faiz, avro ilə əməliyyatların həcmi isə 4,8 faiz azalıb.

Dövr ərzində valyuta bazarında əməliyyatların 85,9 faizi ABŞ dolları, 14,1 faizi digər valyutalar ilə aparılıb. Valyuta əməliyyatlarının 24,4 faizi banklararası valyuta bazarında (BVB), 75,6 faizi isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb.

ABŞ dolları ilə BVB-də aparılmış əməliyyatların 57,6 faizi bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BDVB-də isə valyuta əməliyyatlarının 95,7 faizini hüquqi şəxslərə valyuta satışı təşkil edib.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Banklar tərəfindən ötən ilin 6 ayı ərzində 151 milyon ABŞ dolları xalis valyuta satışı həyata keçirildiyi halda, cari ilin ötən dövründə 91 milyon ABŞ dolları xalis alış həyata keçirilib ki, bu da manatın sabitliyi ilə əlaqədardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.