CƏMİYYƏT
“Vandetta” komandası “Nə? Harada? Nə zaman?” oyunu üzrə VII Çağırış kubokunun sahibi olub
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VII Çağırış kubokunun final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, final mərhələsinin rəsmi hissəsində Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək intellektual oyunların gənclərin asudə vaxtının təşkilində və onların inkişafında önəmli rolunu vurğulayıb. Belə yarışların ənənəvi hal almasının vacibliyini qeyd edən V.Quliyev Xəzər İntellektual Gənclər Klubunun yaradılmasının 15 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Sektor müdiri intellektual oyunlar hərəkatının ölkəmizdə insan kapitalının formalaşmasında mühüm rolunu xüsusi qeyd edib.
Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov intellektual oyunların təşkilinin təmsil etdiyi qurumun prioritet layihələri arasında olduğunu deyib. O, gələcəkdə də intellektual istiqamətli layihələrin dəstəklənəcəyini söyləyərək həm gənclər təşkilatlarının, həm də fiziki şəxslərin Fonda layihələr təqdim etmək imkanlarının olduğunu vurğulayıb.
Çıxışlardan sonra final mərhələsinə start verilib. Finalda seçim turlarında ən yaxşı nəticə göstərən, Azərbaycanın 15 regionunu və Bakını təmsil edən 70 komanda mübarizə aparıb. Komandalar 3 kubok uğrunda mübarizə aparıblar. Regionlardan gələn və məktəblilərdən ibarət komandaları həvəsləndirmək üçün onlar üçün ayrıca Regionlar Kuboku və Məktəbli Kuboku təsis olunub.
Turnirin “Nə? Harada? Nə zaman?” mərhələsində iştirakçılara 60 sual verilib. Dörd turdan ibarət yarışın Məktəbli Kubokunda “Oliqarx” komandası birinci, “Onside” ikinci, “5+1” komandası isə üçüncü yeri tutub.
Regionlar Kubokunu ardıcıl iki il Gəncə komandası qazanıb. “İmişli” yarışı ikinci, Mingəçevirin “CHE” komandası isə üçüncü pillədə başa vurub.
VII Çağırış Kubokuna “Vandetta” komandası sahib olub. “Jagermeyster” gümüş, “Diplomat” komandası isə bürünc medal qazanıblar.
“Nə? Harada? Nə zaman?” oyunun final mərhələsinin yekununda təşkil olunan breyn-rinq turnirində əsas mərhələdə heç kəsə şans verməyən “Vendetta” yenə qalib adını qazanıb. İkinci yerə “Diplomat”, üçüncü yerə isə “Interpreters United” komandaları sahib olublar.
Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.