SİYASƏT
Vaqif Bayramov: Azərbaycan Prezidentinin xaricdə yaşayan həmvətənlərimizə münasibətini Rusiyada yüksək qiymətləndirirlər
Moskva, 16 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) vitse-prezidenti, Moskva Dövlət Humanitar-İqtisad Universitetinin rektoru Vaqif Bayramov təhsil sahəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.
V.Bayramov AZƏRTAC-ın müxbirinə müsahibəsində bu yüksək təltifə görə minnətdarlığını bildirib.
O deyib: “Azərbaycan Prezidentinin xaricdə yaşayan həmvətənlərimizə münasibətini Rusiyada yüksək qiymətləndirirlər. Bu, bizi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı sahəsində qarşıda duran vəzifələri daha fəal və ardıcıl yerinə yetirməyə ruhlandırır. Mən, milliyyətcə azərbaycanlı və Rusiyanın vətəndaşı kimi, sizi əmin etmək istəyirəm ki, bundan sonra da iki ölkə arasında dostluq münasibətlərinin inkişafı naminə var qüvvəmlə çalışacağam”.
V.Bayramov qeyd edib ki, çoxsaylı mədəni və elmi-təhsil layihələri Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradır: “Keçən il noyabr ayında Rusiyanın təhsil naziri Olqa Vasilyeva Bakıda səfərdə olub, orada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Mənə də həmin nümayəndə heyətinin tərkibində olmaq şərəfi nəsib olub. Görüşdə Azərbaycanda rus dilinin rolu və Rusiyada Azərbaycan dilini inkişaf etdirməyin vacibliyi xüsusi qeyd edilib. Bu görüşdən sonra qərara alınıb ki, 2017-ci ildən Moskva Dövlət Humanitar-İqtisad Universitetinin xarici dillər fakültəsində türk dili ilə yanaşı, Azərbaycan və qazax dillərinin də öyrənilməsinə başlanılsın. Təhsil sferasında əməkdaşlıq sahəsində daha bir nailiyyət 40-dan artıq ali məktəbin daxil olduğu Rusiya-Azərbaycan ali məktəblər Assosiasiyasının yaradılmasıdır. Assosiasiyanın fəaliyyəti təhsil sahəsində, o cümlədən inklüziv təhsil sferasında dialoqu inkişaf etdirməyə yönəlib”.
V.Bayramov Ümumrusiya Azərbaycanlıları Konqresinin Rusiyada yaşayan həmvətənlərimizin ictimai həyatında rolunu gücləndirməyin zəruriliyini də vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva