ORDU
Vaqif Dərgahlı: 30 il əvvəl istehsal olunan silahları müasir silahlarla müqayisə etmək nağıldır
Bakı, 4 may , AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın kredit razılaşması əsasında Rusiyadan silah alması barədə məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib: “Müharibə edən ölkə üçün 200 milyon ABŞ dolları cüzi məbləğdir və bu pulla ordunu silahla təmin etmək mümkün deyil. Nəzərə alsaq ki, hazırda Ermənistanda korrupsiya və rüşvətxorluq tüğyan edir və ölkə rəhbərliyində təmsil olunan şəxslərin hamısı kriminal ünsürlərdir, bu pulların böyük hissəsinin elə həmin rejim tərəfindən mənimsəniləcəyi şübhəsizdir”.
Həmçinin qeyd olunub ki, son illər Ermənistanın Rusiyadan aldığı silah və hərbi texnikanın istismar müddəti çoxdan başa çatıb: “Uzun illər öncə istehsal edilən və istifadə olunmayan, istismar müddəti bitmiş silahlar və hərbi texnika kredit yolu ilə Ermənistana verilir. Biz bunun aprel əməliyyatlarında canlı şahidi olduq. Son əməliyyatlarda ermənilərin atdığı mərmilərin əksəriyyəti köhnə olduğu üçün partlamadı, torpağa batıb qaldı. Həmin mərmilər hərbçilərimiz tərəfindən yığılaraq məhv edildi.
Ermənistan rəsmilərinin bundan əlavə başqa mənbələrdən də silah alması barədə səsləndirdikləri fikirlərdə də “blefdir”. Apreldə Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, diaspor təşkilatları yardım üçün 5-6 milyon ABŞ dolları məbləğində vəsait toplayıb. Bu məbləğ isə çatsa-çatsa apreldə məhv edilən erməni hərbçilərinin dəfn mərasimlərinə və onların ailələrini susdurmaq məqsədlə verilən yardımlara bəs edər. O ki qaldı, 1980-ci illərdə istehsal olunan texnikanın “super” vəziyyətdə olması barədə Arsrun Ovannisyanın açıqlamalarına, bu da ermənilərin növbəti uydurmasıdır. Çünki 30 il əvvəl istehsal olunan silahları alıb və onları tərifləyərək müasir silahlarla müqayisə etmək nağıldır”.
Nazirliyin mətbuat xidmətinin rəisi xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, silah-sursatın, döyüş texnikasının yenilənməsi, əlavə döyüş ehtiyatlarının yaradılması, müasir silah və texnikanın, digər hərbi elementlərin alınması məqsədilə Silahlı Qüvvələrimiz üçün külli miqdarda maliyyə vəsaiti ayrılıb.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan mövcud kredit razılaşması əsasında Rusiya Federasiyasından Ermənistana silah göndərilməsi prosesinin artıq başladığını bildirmişdi. O, dövlət maraqları ilə bağlı olduğu üçün silahların çatdırılma müddəti və təchizat məsələləri ilə əlaqədar açıqlama verməmişdi. Bununla yanaşı, A.Ovannisyan qeyd etmişdi ki, Ermənistan silahlı qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil: “Kredit barədə söhbət getməyəndə də biz planlı şəkildə Ermənistan ordusunun silah təchizatının yenilənəcəyi barədə bildirmişdik. Kredit olmadan da böyük partiya silah almışıq”.
A.Ovannisyanın sözlərinə görə, Rusiya Federasiyası ilə olan kredit razılaşmasına əsasən, təkcə silah-sursat deyil, həm də operativ-kəşfiyyat xarakterli cihazlar alınır. Onun fikrincə, Rusiyanın ən yaxşı hərbi texnikası 1980-ci illərdə buraxılandır.
Xatırladaq ki, Rusiya Federasiyası Ermənistana silah-sursat və hərbi texnika almaq üçün 200 milyon ABŞ dolları məbləğində kredit ayırıb.