SİYASƏT
Vaqif Dərgahlı: Baş verə biləcək hər hansı hadisə ilə bağlı bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür VİDEO
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisi və mülki obyektləri hədəflənmiş şəkildə qəsdən 80 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Hadisə nəticəsində iki nəfər kənd sakini həlak olub, bir nəfər yaralanıb. Yaralı şəxs dərhal hərbi hospitala çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 5-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.
Hadisədən dərhal sonra Silahlı Qüvvələrimizin bölmələrinin cavab tədbirləri gördüyünü bildirən V.Dərgahlı deyib: “Silahlı Qüvvələrimizin bölmələri dərhal cavab tədbirləri görüblər. Əlbəttə ki, Ermənistan tərəfi də itkilər verib. Ancaq həmişə olduğu kimi, düşmən bu dəfə də öz itkilərini gizlədir. Bu təxribatdan sonra Ermənistan tərəfi həmişəki kimi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə heç bir əsası olmayan məlumatlar yayıblar. Məlumatlarda bildirilir ki, guya Azərbaycan tərəfi mülki əhalidən sipər kimi istifadə etməklə Alxanlı yaşayış məntəqəsində qərargah qurub və ya guya orada hər hansı atəş nöqtəmiz olub. Bunu qəti olaraq rədd edirik və bildiririk ki, Ermənistan tərəfi həmişə olduğu kimi, yenə də mülki əhaliyə qarşı müharibə aparır və onları atəşə tutur. Alxanlı yaşayış məntəqəsində Silahlı Qüvvələrimizin nə qərargahı, nə də atəş nöqtəsi var”.
Ermənistanın Silahlı Qüvvələrimizin cəbhənin bu istiqamətində guya ABŞ istehsalı olan “TR-107” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə də yalan məlumatlar yaydığını vurğulayan V.Dərgahlı bildirib: “Bu, ağ yalandır. Biz bu məlumatı da qəti olaraq təkzib edirik. Qeyd etmək istərdim ki, bu yaylım sistemi ABŞ yox, Türkiyə istehsalıdır. Burada da ermənilərin növbəti yalanları üzə çıxır. Dünənki hadisələrdə Silahlı Qüvvələrimiz bu sistemlərdən istifadə etməyib”.
Beynəlxalq qurumların hadisə ilə bağlı məlumatlandırıldığını diqqətə çatdıran Müdafiə Nazirliyinin rəsmisi qeyd edib: “Ermənistan tərəfinin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bəyan edir ki, baş verə biləcək hər hansı hadisə ilə bağlı bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”.