ELM VƏ TƏHSİL
Vaqif İsrafilov: İxtisasartırmaya ali təhsili olan vətəndaşlar sənəd verə bilərlər
Bakı, 18 iyul, Xatirə Cəfərova, AZƏRTAC
Əlavə təhsil fakültəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ixtisasartırma fakültəsi kimi yaranıb. Təhsil Nazirliyi tərəfindən yenidənhazırlanma statusu verilən fakültə əvvəlcə ixtisasartırma və yenidənhazırlanma fakültəsi, sonra isə əlavə təhsil fakültəsi adlandırılıb. 2016-cı ilin sentyabr ayından etibarən bu fakültə Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin tərkibində davamlı təhsil və təlim şöbəsi kimi fəaliyyət göstərir.
Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində ADPU-nun davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent Vaqif İsrafilov bildirib.
Rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri, yeni qaydalar barədə danışan V.İsrafilov deyib: “İxtisasartırmaya ali təhsili olan vətəndaşlar sənəd verə bilərlər. Məsələn, BDU-nun filologiya fakültəsini bitirənlər sənəd verib ixtisaslarını “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisasına dəyişə bilərlər. İxtisasartırma 10 ay müddətinə həyata keçirilir. Təhsil haqqı 1000 manat təşkil edir. Təkrar ali təhsil üçün vətəndaşlar ADPU-da mövcud olan ixtisasları seçərək yenidən oxuya bilərlər. Təkrar ali təhsilin müddəti üç ildir, illik ödəniş 1300 manatdır”.