MƏDƏNİYYƏT


“Vaqif Mustafazadə” miniatür kitabının təqdimatı keçirilib

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Miniatür Kitab Muzeyində “Vaqif Mustafazadə” miniatür kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, muzeyin təsisçisi və rəhbəri Zərifə Salahova təqdim olunan kitab haqqında məlumat verib. Bildirib ki, nəşrin ideyası Vaqif Mustafazadənin ev-muzeyinin direktoru, sənətkarın yaxın qohumu Afaq Əliyevaya məxsusdur. Bir neçə il əvvəl Moskvada Rafiq Fərhadovun Vaqif Mustafazadə haqqında kitabı nəşr edilib. A.Əliyeva böyük formatda olan bu kitabın üzərində işləyib və nəticədə həmin materiallar əsasında miniatür kitaba Vaqif Mustafazadəinin yaradıcılığından bəhs edən məqalələr daxil edilib. Nəşrə “Ön söz”ü Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, epiloqu Afaq Əliyeva yazıb. V.Mustafazadənin ev-muzeyi və Miniatür Kitab Muzeyinin birlikdə rus dilində nəşr etdirdiyi bu kitab 2017-ci ildə “İndigo” mətbəəsində 100 nüsxə tirajla çapdan çıxıb. Ölçüsü 55x60 millimetr olan kitab 256 səhifədən ibarətdir. Nəşrə 29 ədəd rəngli və ağ-qara fotoşəkil daxil edilib. Kitabın forzasında V.Mustafazadənin barelyefinin təsviri yer alıb.

Təqdimat mərasimində tanınmış cazmen Cavan Zeynallı deyib: “Vaqif Mustafazadə Azərbaycanda caz-muğamın əsasını qoyub. Bu janrı Qərbdə tanıtmaq üçün val yazdırıb. Nyu-York caz klubunun direktoru Bakıya gələndə Vaqif Mustafazadəni onunla görüşməyə qoymasalar da, o, valları Tbilisiyə aparıb və orada konsert verən amerikalı cazmenlərə təqdim edib. Təxminən 1976-cı ildə ABŞ cazmeni və bəstəkarı Herbi Henkokun ifa etdiyi kompozisiyada muğam elementləri də oldu. Çünki o, Vaqifin valına qulaq asmışdı. V.Mustafazadənin musiqisini hələ bundan sonra da öyrənəcəklər. Onun uzun illər əvvəl ifa etdiyi kompozisiyalar bu gün də müasirdir. V.Mustafazadənin dahiliyi elə bundadır”.

Xalq Artisti Vasif Babayev diqqətə çatdırıb ki, muğama maraq ona anası Zivər xanımdan keçib. V.Mustafazadə sovet rejimində yaşamağına baxmayaraq, qərb musiqisinə və üslubuna maraq göstərməsi ilə ətrafdakılardan seçilirdi. Onu sevir və ona hörmət bəsləyirdilər.

Kitabın təqdimatını ölkəmizin musiqi və ədəbi həyatında böyük hadisə adlandıran Əməkdar İncəsənət Xadimi Natiq Rəsulzadə Vaqif Mustafazadə haqqında yazmaq niyyətini söylədi. “Vaxtilə Salvador Dali “Sürrealizm mənəm” fikrini səsləndirib. Biz isə “Caz Vaqif Mustafazadədir” deyirik”, - deyə N.Rəsulzadə vurğulayıb.

Tədbirdə Xalq Artisti Ramiz Quliyev, Əməkdar Jurnalist Elmira Əliyeva, ekspert Cahangir Səlimxanov, saksofonçu Rafiq Seyidzadə və başqaları Vaqif Mustafazadənin Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən söz açıb, onunla bağlı xatirələrini bölüşüb, sovet rejiminin ona göstərdiyi təzyiqləri, yaradıcılığının çiçəkləndiyi dövrdə vəfat etməsini təəssüflə qeyd ediblər.

Vaqif Mustafazadənin ev-muzeyinin direktoru A.Əliyeva tədbir iştirakçılarına təşəkkür edib. Diqqətə çatdırıb ki, cazla muğamı sintez etmək böyük bir hadisədir. Hər bir caz musiqiçisi yenilik etmək üçün daim axtarışda olur. “1969-cu ildə Gürcüstandan Azərbaycana qayıdan Vaqif Mustafazadə “Bakı-1969” caz festivalında iştirak edir. Vaqif səhnəyə çıxır, hamı onu alqışlayır. Hər kəs Vaqifi çox sevirdi. Bakılılar çox sevindi ki, Vaqif Mustafazadəni yenidən səhnədə gördülər. Festivalda Vaqif Mustafazadə ifa etməyə başlayır. Onun “76” adlanan bir kompozisiyası var. Əsərdə 76 takt olduğuna görə belə adlanır. Vaqif bu caz kompozisiyasını ifa edərkən birdən-birə “Bayatı Şiraz” muğamına keçir. Bununla da Vaqif cazla muğamı sintez edə biləcəyini anlayır. 1979-cu ildə isə o, Monakkoda beynəlxalq müsabiqədə I mükafata və ağ royala layiq görülüb. Lakin təəssüf ki, bu qələbədən özünün xəbəri olmadı”, - deyə A.Əliyeva qeyd edib.

V.Mustafazadə istər sənətdə, istərsə də zahiri görkəmdə başqalarından seçilməkdən qorxmayıb. O, eksperimentlərə hazır idi və sənətdə öz sözünü layiqincə deyib. Bu xüsusiyyətləri V.Mustafazadədən öyrənmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.