SİYASƏT
Vaqif Sadıqov: Azərbaycanda bütün etnik və dini azlıqlara bərabər hüquqlar verilib
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov “L’indro” xəbər portalında yerləşdirilən müsahibəsində ölkəmizdə mövcud olan yüksək tolerantlıq mühitindən danışıb. Bildirib ki, Azərbaycanda hələ qədim dövrlərdən bəri müxtəlif dinlərin nümayəndələri bir arada mehriban şəraitdə yaşayıblar.
Səfir vurğulayıb ki, etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və hökumət tərəfindən bütün dini və etnik azlıqlar üçün bərabər imkanlar təmin olunur. O deyib: “Azərbaycan dünyəvi və müasir, eyni zamanda, dini dəyərlərə böyük önəm verən bir ölkədir”.
Azərbaycanda sənayeləşmənin inkişafından danışan V.Sadıqov bu prosesin hələ XIX əsrin əvvəllərindən başladığını, xarici investorların həmin dövrdən ölkəmizə maraq göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, qədim tarixə malik Azərbaycanda 1918-ci ildə Şərqdə ilk dəfə demokratik respublika qurulub, müsəlman aləmində ilk dəfə məhz bizim ölkədə qadınlara seçmək və seçilmək hüququ verilib. Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan geostrateji baxımdan da önəmli bir ölkədir.
Azərbaycan-İtaliya münasibətlərinə toxunan səfir əlaqələrimizin tarixindən bəhs edib. Bildirib ki, bu münasibətlər dərin tarixi köklərə söykənir. Hazırda ölkələrimiz arasındakı əməkdaşlıq bütün istiqamətlərdə dinamik inkişaf etməkdədir.
Müsahibənin tam mətnini bu linkdə oxumaq olar.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma