İQTİSADİYYAT
Vaqif Sadıqov: “Milan Expo 2015” sərgisində Azərbaycanın turizm potensialı və zəngin mədəni irsi nümayiş etdiriləcək
Roma, 19 aprel, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin “Adnkronos” xəbər agentliyinə müsahibəsində ölkəmizin “Milan Expo 2015” beynəlxalq sərgisində iştirakının əhəmiyyətindən bəhs edib.
Azərbaycanın dünya miqyaslı belə bir tədbirdə iştirak edəcəyini vurğulayan səfir qeyd edib ki, “Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyonumuz vasitəsilə ölkəmizin aqrar sahədə imkanları, turizm potensialı və zəngin mədəni irsi nümayiş etdiriləcək.
İtaliyanın Azərbaycan üçün siyasi, iqtisadi, mədəni və digər sahələrdə önəmli tərəfdaş olduğunu bildirən V.Sadıqov diqqətə çatdırıb ki, cari ilin mayında açılacaq “Milan Expo 2015” sərgisində və dünya incəsənət sərgisi olan Beynəlxalq Venesiya Biennaledə ölkəmizin iştirakı əməkdaşlığımızı daha da intensivləşdirəcək.
Azərbaycanda İtaliyaya böyük marağın olduğunu, qarşılıqlı səfərlər edənlərin sayının getdikcə artdığını qeyd edən səfir deyib: “Cari il biz İtaliya ilə “Milan Expo 2015” sərgisi və “Bakı-2015” ilk Avropa Oyunları kimi önəmli tədbirləri paylaşacağıq. Hesab edirəm ki, ölkələrimiz bu cür mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək potensialına malikdir”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma