REGİONLAR
“Varlı qadın” tamaşası Naxçıvan səhnəsində
Naxçıvan, 6 fevral, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tanınmış yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” komediyasının ilk tamaşası olub.
AZƏRTAC xəbər verir ki, bu əsər müəllifin teatrın səhnəsində oynanılan ikinci əsəridir.
Tamaşada hadisələr ölkəmizin iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrdə – keçən əsrin 90-cı illərində bir ailənin timsalında cərəyan edir. Gündəlik dolanışıq ucbatından elmi işini yarımçıq qoymağa məcbur olmuş Sarı Qarayevin güzəranı və onun axsaq arvadı Həvva Zərlinskayanın Almaniyada peyda olmuş yaxın qohumundan vərəsə kimi milyard dollar miras qalması tamaşanın fabulasında maraqlı hadisələrin baş verəcəyindən xəbər verir. Bu pullara sahib olmaq üçün qoyulan şərtlər isə tamaşaçıda gülüş doğurur. Hadisə ilə bağlı jurnalistlərin yaratdığı səs-küy tamaşanın dinamikasını bir qədər də artırır. Əsər komediya janrında yazılsa da, əslində, hadisələrin mərkəzində dayanan personaj və obrazlar sosial problemlərdən doğan mənəviyyatsızlığı təqdim etməklə gülüş yaradır və həm də tamaşaçını düşündürürlər.
Komediyada əsas rolların ifaçıları aktrisa Nurbəniz Niftəliyeva (Həvva Zərlinskaya), Azərbaycan Respublikasının Əməkdar Artisti Bəhruz Haqverdiyev (Sarı), aktyor Elnur Rzayev (Qara) bir ailənin simasında mənalı və şən gülüş yaradırlar.
Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar Artisti Mübariz Əsgərovdur.