CƏMİYYƏT
Varşava Ali Ticarət Məktəbinin üzvləri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıblar
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Varşava Ali Ticarət Məktəbinin xarici əlaqələr üzrə elmi dərnəyinin üzvləri ilə görüşüb. Görüş Ali Ticarət Məktəbi tərəfindən həyata keçirilən “Diplomatiya hərəkəti” adlı layihə çərçivəsində təşkil edilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
“Diplomatiya hərəkəti” layihəsinin məqsədi Polşada akkreditasiya olunmuş müxtəlif diplomatik korpus nümayəndələri ilə görüşərək digər ölkələrin xarici siyasət, beynəlxalq əlaqələr və diplomatiya sahəsində təcrübəsinə yiyələnməkdir. Eyniadlı layihə çərçivəsində 2016-cı ilin may ayında da Ali Ticarət Məktəbinin tələbələri ilə görüş keçirilib.
Görüş zamanı tələbələrin çoxsaylı suallarını cavablandıran səfir Həsən Həsənov Azərbaycanın müasir dövrü, siyasi və iqtisadi nailiyyətləri, Azərbaycan-Polşa əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və səfirliyin fəaliyyəti haqqında geniş məlumat verib.
Görüşün sonunda tələbələrə səfirlik tərəfindən polyak dilində nəşr edilmiş və Azərbaycan tarixi, mədəniyyəti və dilinə həsr olunmuş kitablar hədiyyə edilib.