ELM VƏ TƏHSİL
Varşava Universitetinin tələbələri Azərbaycan haqqında məlumatlandırılıblar
Bakı, 16 may, AZƏRTAC
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Varşava Universitetinin hüquq və idarəetmə fakültəsinin tələbə və müəllim heyəti ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, diplomat müəllim, tələbə və aspirantlara Azərbaycanın qədim və müasir tarixi barədə məlumat verib, ilk dəfə 1472-ci ildə Polşa ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulduğunu vurğulayıb. O, həmçinin Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkədə həyata keçirilən dövlət quruculuğu tədbirləri, eyni zamanda, Aİ-Azərbaycan münasibətləri barədə danışıb.
Moderatorun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sualına cavab olaraq səfir ermənilərin Cənubi Qafqaza köçürülməsinin tarixi, ölkəmizə qarşı ərazi iddiaları, həmçinin münaqişənin müasir tarixi və həlli yolları barədə məlumat verib.
Səfir H.Həsənov Dağlıq Qarabağ ərazisinin “tanınmamış dövlət”, “mübahisəli ərazi” adlandırılmasına qəti etiraz edərək, bu bölgənin Azərbaycan Respublikasının ərazisi olduğunu və Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırıb. Diplomat iki ölkə arasında həyata keçirilməsi nəzərdə tutulan siyasi, iqtisadi və mədəni tədbirlər barədə də danışıb, ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat dəhlizləri və Cənub Qaz Dəhlizi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Sual-cavab sessiyası çərçivəsində tədbir iştirakçılarının Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə münasibətlərinə, Polşa və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq imkanları barədə sualları cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Dağlıq Qarabağ mövzusunda səfirlik tərəfindən polyak dilində çap edilmiş dörd adda kitab və Xocalı soyqırımı barədə açıqcalar paylanılıb.