CƏMİYYƏT
Varşavada Azərbaycan gəncləri ilə görüş keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Polşanın Vişeqrad Qrupuna sədrliyi çərçivəsində Polşa Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə Vişeqrad və Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri üçün Varşavada gənclərin insan haqlarının qorunmasında rolu mövzusunda seminar keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, seminarda ölkəmizi Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Şuşa rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə əlaqələndiricisi İlhamə Qasımzadə, Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyasının sədri Fərahim Əkbərov və Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Azərbaycan İctimai Birliyinin layihələr üzrə direktoru Ülvi Əhmədov təmsil ediblər.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Həsən Həsənov seminarda ölkəmizi təmsil edən gənclər ilə görüş keçirib. Görüşdə səfir gəncləri maraqlandıran sualları cavablandırıb. O, Azərbaycan dövlətçiliyi, müasir xarici siyasəti, ölkəmizin maraqlarında olan aktual məsələlər, eyni zamanda, Azərbaycan və Polşa əlaqələrinin tarixi və hazırkı vəziyyəti, həmçinin səfirliyin fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib. Qeyd olunanlarla yanaşı, gənclərlə milli dəyərlər ətrafında fikir mübadiləsi aparılıb.