SİYASƏT
Varşavada Mərkəzi və Şərqi Avropa dövlətlərinin parlament rəhbərlərinin sammiti keçirilir
Varşava, 18 may, AZƏRTAC
Polşanın paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropa dövlətlərinin parlament rəhbərlərinin sammiti işə başlayıb. Sammitdə 20-dən çox dövlətin nümayəndələri iştirak edirlər.
Tədbirdə Azərbaycan Milli Məclisini parlament sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edir. Ziyafət Əsgərov sammitdə müzakirə olunan mövzularla bağlı çıxış edəcək.
Polşa Senatının sədri Stanislav Karçevski deyib ki, sammitin əsas məqsədi region çərçivəsində daha sıx əməkdaşlığın qurulmasıdır. “Biz parlamentlər səviyyəsində gələcək xarici siyasətə dair münasibətimizi müzakirə etməyi planlaşdırırıq. Bu, biz parlament rəhbərləri üçün böyük əhəmiyyət daşıyır”, - deyə o qeyd edib.
Sammit iştirakçıları, həmçinin regionun təhlükəsizlik məsələləri və Şimal-Cənub xəttində infrastruktur sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparacaqlar.
Sammitin keçirilməsi təşəbbüskarları və təşkilatçıları Polşa Seymi və Senatının sədrləridir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava