İDMAN
Varşavada Olimpiya piknikinin mövzusu “Bakı-2015” birinci Avropa Oyunları olacaq
Varşava, 23 may, Laçın Sultanova, AZƏRTAC
Mayın 23-də Varşavada keçiriləcək Olimpiya piknikinin mövzusu “Bakı-2015” birinci Avropa Oyunları olacaqdır.
AZƏRTAC-ın Varşavaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Polşa Olimpiya Komitəsinin prezidenti Ancey Krasnitski azərbaycanlı jurnalistlərlə görüşündə məlumat verib.
Onun sözlərinə görə, Polşa paytaxtında Olimpiya pikniki artıq 17-ci dəfədir keçirilir. Gələn il piknikin mövzusu “Rio-2016” olacaq.
Kraqsnitski deyib: “Piknikin sponsorları Polşanın idman federasiyalarıdır”. Piknik çərçivəsində bir sıra tədbirlər keçiriləcək. Bu məqsədlə xüsusi uşaq və ailə proqramları hazırlanır. Piknikdə müxtəlif mükafatlar oynanılacaq. Biz piknikə 30-40 min iştirakçının qatılacağını gözləyirik. Adətən piknikə Polşanın olimpiya mükafatçıları gəlir. Onların sayı 150-dən çoxdur”.
Azərbaycanın Polşadakı səfirliyi Olimpiya piknikində Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə çıxış edəcək.
Piknikin gənc iştirakçılarına Polşa Olimpiya komitəsinin nəşri olan “Olimpuski” jurnalının uşaqlar üçün əlavəsi olan “Olimpionik” jurnalı hədiyyə ediləcək. Jurnalın üç min nüsxə tirajla çap olunmuş uşaqlar üçün versiyasında “Bakı-2015” birinci Avropa Oyunları” məqaləsi dərc olunub. “Bakı-2015” haqqında məqalənin yer aldığı jurnal 4 min nüsxə tirajla buraxılıb.