DÜNYA


Varşavada “Üç dəniz ölkələri” sammiti başlanıb

Varşava, 6 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Polşanın paytaxtında “Üç dəniz ölkələri” sammiti başlanıb.

Polşa Prezidenti Andjey Duda görüşün əvvəlində qeyd edib ki, “Üç dəniz ölkələri” təşəbbüsü böyük potensiala malikdir. “Biz qaz dəhlizi yaratmaq və beləliklə, regionumuzun bütün ölkələrinin energetik sistemini təmin etmək istəyirik. Məqsəd Avropanın bu hissəsindəki ölkələri kiminsə qaz ilə şantajına yol verməməkdir”, - deyə Polşa Prezidenti vurğulayıb və Donald Trampın iştirakı ilə sammiti açıb.

“Üç dəniz ölkələri” təşəbbüsü Vışeqrad qrupunu - Polşa, Çexiya, Slovakiya və Macarıstanı, Baltik ölkələrini, habelə Xorvatiya, Avstriya, Sloveniya, Bolqarıstan və Rumıniyanı əhatə edən iqtisadi əməkdaşlıq layihəsidir. “Üç dəniz ölkələri” anlayışı adları qeyd edilən ölkələrin Baltik, Qara və Adriatik dənizləri arasında yerləşməsi ilə bağlıdır.

ABŞ Prezidenti Donald Tramp Polşaya səfəri çərçivəsində bu ölkənin prezidenti ilə görüşüb. Amerika qoşunlarının Polşada olması Varşavada hər iki dövlət başçısı arasında danışıq mövzularından biri olub. Donald Tramp, həmçinin vurğulayıb ki, Polşa ABŞ-ın təkcə dostu deyil, həm də hərbi əməkdaşlıqda mühüm müttəfiqi və tərəfdaşıdır.

Prezident Andjey Duda qeyd edib ki, ABŞ Prezidentinin Varşavaya gəlişi Polşanın Avropada ən mühüm dövlətlərdən biri olmasını təsdiqləyir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.