DÜNYA
Varşavada məhkəmə islahatlarına qarşı nümayiş keçirilib
Varşava, 21 iyul, AZƏRTAC
Varşavada Seymin binası yanında məhkəmə islahatlarına qarşı nümayiş keçirilib. Etiraz aksiyaları Polşanın digər şəhərlərində də olub. “İşıq zənciri” adı altında keçirilən aksiyada Polşanın 50-dən çox şəhəri, habelə London və Oslo iştirak edib.
Aksiya iştirakçıları özləri ilə yanan şamlar gətiriblər. Nümayişçilər Polşa Prezidentindən Ali Məhkəmə haqqında qanuna veto qoymağı tələb ediblər.
Xatırladaq ki, iyulun 20-də Seym hakim “Hüquq və ədalət” partiyasının təklif etdiyi variant üzrə Ali Məhkəmə haqqında qanun qəbul edib. Deputatlar qanun layihəsində müxalifət partiyalarının təklif etdikləri dəyişiklikləri qətiyyən nəzərə almayıblar.
Qəbul edilmiş qanunda Ali Məhkəmədə özəl və publik hüquq palataları, habelə İntizam palatasının yaradılması nəzərdə tutulur. Qanun, həmçinin Polşa Prezidentinin saxladığı istisna olmaqla, bütün ali məhkəmə hakimlərinin səlahiyyətlərinin ləğv edilməsini nəzərdə tutur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava