SİYASƏT


Vasili Qadenaşivili: Metsamor AES-in fəaliyyəti nəzarətə götürülməlidir

Tbilisi, 19 iyun, AZƏRTAC

İyunun 19-da Tbilisidə “Ekologiya və nüvə radiasiyası təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olan ölkələrin və digər beynəlxalq təşkilatların, 10-dan çox ölkənin 100-dək nümayəndəsi iştirak edib.

Konfransda əsasən zənginləşdirilmiş uranın təhlükəsiz şəkildə daşınması, geri qaytarılması və istifadə edilməsi prosedurları müzakirə olunub. Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində bir çox məsələlər də diqqət mərkəzində olub. Konfrans iştirakçıları Ermənistanda fəaliyyət göstərən Metsamor AES-lə bağlı fikirlərini bölüşüblər.

Ekologiya və Nüvə Radiasiya Təhlükəsizliyi Agentliyinin rəhbəri Vasili Qadenaşivili jurnalistlərə müsahibəsində deyib ki, konfransda Cənubi Qafqaz regionunda radiasiya və nüvə sahəsində mövcud olan problemlər və bir sıra digər məsələlər diqqət mərkəzində olub: “Qeyd edə bilərəm ki, regionumuz üçün hazırda bir təhlükə mənbəyi mövcuddur. Bu da Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasıdır (AES). Bu stansiya müasir təhlükəsizlik standartlarına cavab vermədiyi halda fəaliyyət göstərir. Metsamor AES-in fəaliyyəti təkcə Ermənistan üçün deyil, bütün region üçün böyük təhlükə mənbəyidir”.

Onun sözlərinə görə, nüvə enerjisi və atom silahları ilə məşğul olan beynəlxalq təşkilatlar bu məsələni nəzarətə götürməli və lazımı qərarlar verməlidirlər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.