DÜNYA


Vaşinqton Milli Xiyabanında üç ilgək aşkar edilib

Vaşinqton, 19 iyun, AZƏRTAC

Vaşinqton Milli Xiyabanında yerləşən muzeylərin binalarında son bir neçə həftə ərzində üç ilgək aşkar edilib. Sonuncu ilgək muzeyin yanındakı fənər dirəyindən asılı vəziyyətdə tapılıb. ABŞ Milli Parklar Xidmətinin polis serjantı Anna Rouz bildirib ki, sonuncu ilgək iyunun 17-də gündüz saatlarında Milli İncəsənət Qalereyasının yanında aşkar edilib. Onun agentliyi hazırda bu hadisəni araşdırmaqla məşğuldur.

İlgəklərdən birini turistlər ötən ay Afrika Mənşəli Amerikalıların Milli Tarix və Mədəniyyət Muzeyinin döşəməsində tapıblar. Bundan bir neçə gün əvvəl isə müasir incəsənətin və mədəniyyətin təqdim edildiyi “Hirşhorn Muzeyi və heykəllər bağı” ərazisində daha bir ilgək aşkar edilib.

Vaşinqtonun meri Müriel Bouzer hadisə ilə əlaqədar ötən ay bəyan edib ki, Vaşinqton “inklüziv” şəhərdir və şəhər administrasiyası nifrət, cəhalət və qorxu əlamətlərinin ifadə olunmasına yol verməyəcək.

Vaşinqtonun əsas görməli məkanı olan Milli Xiyaban paytaxtın tarixi mərkəzində müxtəlif abidə və muzeylər kompleksindən ibarətdir. Səmadan baxanda xiyaban mərkəzində Vaşinqton abidəsinin, şimalında Ağ Evin, şərqində Kapitolinin, cənubunda Tomas Cefferson memorialının, qərbində Avraam Linkoln memorialının yerləşdiyi xaça bənzəyir. Bu abidələr arasında parklar, muzeylər və ABŞ Nəbatat Bağı yerləşir. Smitson İnstitutu muzey kompleksi Birləşmiş Ştatların ən məşhur muzey kompleksidir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.