DÜNYA
Vaşinqton analitikləri: İran – Qərb 1:0
Bakı, 26 noyabr, AZƏRTAC
İranın nüvə proqramı barədə Vyana danışıqlarının sona yetməsindən sonra Vaşinqtonun xarici siyasət dairələrində Tehranın öz istəyinə çatdığı fikri formalaşıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, analitiklərin fikrincə, İran hökumətinin məqsədi danışıqlarda status-kvonu saxlamaq idi və o, Vyanada buna nail oldu. Danışıqlar isə çox güman ki, dekabr ayında davam edəcək.
Bundan sonra Qərb dövlətlərinin nailiyyət əldə etməsinin bir qədər də çətin olacağını deyən Elm və Beynəlxalq Təhlükəsizlik üzrə Vaşinqton İnstitutunun başçısı Devid Olbrayt həlledici məqamda Tehranın güzəştə getməməsini İran lideri və müşavirlərinin hələlik hər hansı razılaşma istəmədiyi ilə əlaqələndirir.
Razılaşma əldə olunacağına inanmadığını bildirən mühafizəkar Hudson İnstitutunun eksperti Maykl Doran isə hər hansı bir razılaşmanın ABŞ-ın və “altılıq” qrupunun digər ölkələrinin iddialarından əl çəkəcəyi və İranın öz istəyinə nail olacağı təqdirdə baş tutacağını qeyd edib.
İranın nüvə proqramına dair danışıqlar ABŞ-ın xarici siyasətində ən mübahisəli məqamdır. Respublikaçılar Tehrana qarşı sanksiyaları sərtləşdirməyin tərəfdarı olsalar da, Prezident Barak Obama bu addımın danışıqlar prosesinə zərər vuracağı və Yaxın Şərqdə qeyri-stabilliyi artıracağı fikrindədir.