SİYASƏT
Vaşinqtonda “Avropanın şərqi üçün transatlantik strategiyaya doğru” mövzusunda konfrans keçirilib
Vaşinqton, 31 yanvar, AZƏRTAC
ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən olan Atlantik Şuranın və Avropa İttifaqına hazırda sədrlik edən Latviyanın birgə təşkilatçılığı ilə yanvarın 30-da Vaşinqtonda “Avropanın şərqi üçün transatlantik strategiyaya doğru” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycanı Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edib.
Səməd Seyidov Slovakiya və Gürcüstan xarici işlər nazirləri, Ukrayna xarici işlər nazirinin müavini və Polşa xarici siyasət idarəsinin yüksək rütbəli nümayəndəsi ilə birlikdə “Bütöv və azad Avropaya doğru” adlı paneldə iştirak edib. Paneldə çıxış edən Milli Məclisin komitə sədri Azərbaycanın “Şərq tərəfdaşlığı” proqramında iştirakı barədə fikirlərini bölüşüb. O, bu proqram çərçivəsində əldə olunmuş mühüm nəticələrdən - xüsusilə ötən dövrdə tərəflər arasında viza proseduralarının sadələşdirilməsi və readmissiya haqqında sazişlərin imzalanması və Azərbaycanın Avropa İttifaqının bir sıra proqramlarında iştirakına yol açan əlavə protokolun razılaşdırılmasından danışıb. Enerji sahəsində aparılan uğurlu dialoq və “Cənub” qaz dəhlizinin reallaşdırılması istiqamətində göstərilən qarşılıqlı səyləri diqqətə çatdırıb.
Səməd Seyidov, həmçinin bəzi qurumlar və dövlətlər tərəfindən insan hüquqlarından geosiyasi məqsədlər üçün istifadə olunmasını pisləyib. O, bu mənada bəzi Avropa İttifaqı institutları tərəfindən Azərbaycana qarşı atılan qərəzli addımların elə Avropanın öz maraqlarının əleyhinə olduğunu qeyd edib.
Postsovet məkanında mövcud münaqişələrə münasibətdə beynəlxalq hüquq prinsiplərinin tətbiqində selektiv yanaşmaya yol verildiyini söyləyən komitə sədri bu kontekstdə Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlandığını xatırladıb. O, əlavə edib ki, ABŞ və beynəlxalq ictimaiyyət vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq tədbirlər görsəydi, digər postsovet ölkələrində oxşar hadisələr təkrarlanmazdı. Səməd Seyidov, həmçinin sanksiyaların tətbiqi məsələsində ikili standartların nümayiş etdirildiyini bildirib.
Milli Məclisin komitə sədri “Şərq tərəfdaşlığı” proqramının gələcəkdə uğurlu icrasının təmin edilməsi üçün keçmişdə buraxılmış səhvlərin dərindən təhlil olunması və lazımı nəticələrin çıxarılmasının vacibliyini vurğulayıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton